Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

İçi Doldurulmuş Göbələk

İçi Doldurulmuş Göbələk

Hərdən nə bişirəcəyimi bilmədiyimdə, soyuducunu açıb içinə baxıram ki, görüm hansı ərzaqlardan nə fikirləşə bilərəm, daha doğrusu nə icad edə bilərəm:) Günlərin bir günü soyuducumda göbələk və badımcan gördüm. Badımcandan bir dənə qalmışdı və bilmədim ki, ondan ne bişirim. Fikirləşdim ki, göbələklə badımcanı bir birinə qarışdırsam görən dadı necə alınar? Mətbəxə keçdim və işə başladım. Alınan aşağıdakı resept oldu. Ləzzıtli qəlyanaltı alındı. Dadına baxandan sonra belə qərara gəldim ki, badımcanlı içliyin içərisinə bir az çiy və ya azca qağda qızardılmış əzilmiş sarımsaq da vurmaq olardı. Gələn dəfə bunu da test edəcəyəm.  Məncə yaxşı alınar. Nuş Olsun!

İÇİ DOLDURULMUŞ GÖBƏLƏK

20 ədəd üçün

Ərzaqlar

20 ədəd iri ağ göbələk ( təxminən 700 g)
1 ədəd iri
və ya 2 ədəd orta boy badımcan
4 xörək qaşığı zeytun yağı
1/2 stəkan xırda-xırda (bir az diri qalsın) doğranmış qoz ləpəsi
1/2 stəkan cəfəri, keşniş və şüyüd qarışığı
zövgə görə duz
zövgə görə istiot
Holland pendiri

1. Göbələkləri islak dəsmal və ya salfetkayla təmizləyin. Papaqlarını ayaqlarından ayırın. Ayaqlarını xırda kub şəklində doğrayın.

2. Badımcanın qabığını soyub,  kub şəklində doğrayın (1.3 cm). Badımcanın acısını çıxartmaq üçün, onu aşsüzənə yığın və üstünə təxminən 1 xörək qaşığı duz səpin. Üstünə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 15 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun,  yaxşıca süzün ve əlinizlə bir az sıxın. Qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.

3.  Tavada zeytun yağını qızdırın. Badımcan kublarını əlavə edib arada qarışdıra-qarışdıra hər tərəfini qızardın. Sonra buraya doğradığınız göbələk saplağını əlavə edin və təxminən 3 dəqiqə ərzində, və yaxud göbələklər bir az yumuşalanadək bişirin. Oddan götürün və bir qaba boşaldın.

4. Sobanı 180Cdək istidin.

5. Badımcan olan qaba doğranmış qoz və göyərtini əlavə edin. Zövgə görə duz və istiot vurun. Əzmədən qarışdırın.

6. Göbələyin papaqlarını soba listinə yerləşdirin. Düzəltdiyiniz qarışığla içlərini doldurun. Üstünə bol-bol rəndələnmiş Holland pendiri səpin. Sobanın orta rəfində təxminən 20 dəqiqə ərzində, və ya göbələklər bir qədər yumuşalana və pendir əriyənə kimi bişirin.