Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şirniyyatlar

Qarışıq Giləmeyvəli Keks

Qarışıq Giləmeyvəli Keks

Yay gəlir. Bu da o deməkdir ki, giləmeyvələr tezliklə dükkan-bazarları dolduracaq. Azərbaycanda vedrə-vedrə satılan giləmeyvələrin qədrini bilin. Çünki xaricdə bunlar vedrə-vedrə deyil, balaca qutularda satılır, özüdə olduqca baha qiymətə. Yəni, məsələn, morux mürəbbəsi bişirmək üçün gərək neçə qutu alasan ki, ortaya bir mürəbbə çıxsın.

Giləmeyvə demişkən, sizə olduqca ləzzətli və asan yay keksinin reseptini yazıram. Mən bu keksi qarışıq giləmeyvələrdən bişirirəm – çiyələk, moruq, və ya böyürtgən və birdə burda blueberry adlanan giləmeyvə var, ondan. Azərbaycandasınızsa, qara və ya xar tutdan da istifadə edə bilərsiniz. Məncə ləzzətli olar. Kaliforniyada tut olmur deyə, mən tut əlavə edə bilmirəm. Uzun sözün qısası, əlinizin altında hansı giləmeyvədən varsa, onu istifadə edin. Hətta bir növ olsa da olar, amma mən 3 fərqli giləmeyvənin qarışığından hazırlanan keksi daha çox bəyənirəm. Bu keks çox ətirli və ləzzətli olur.

QARIŞIQ GİLƏMEYVƏLİ KEKS

Ərzaqlar

2 stəkan əla növ un
2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
1/2 çay qaşığı duz
1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
1 stəkan şəkər tozu
4 yumurta
1 stəkan qatıq (turş olmasın)
1 stəkan qarışıq giləmeyvələr  (istədiyiniz  giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın).
2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).

QEYD: Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen  berries). Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.

1. Sobanı 180C-dək qızdırın.

2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.

3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.

4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.

5.      21 X 11   santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.

6. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir. Nuş Olsun!