Bu gün menyumuzda düşbərə var. Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.
Qızıma nə vaxt soruşsam ki, nə bişirimim, cavabı eynidir - Düşbərə! Ən sevdiyi yeməyi düşbərədir. Gecə-gündüz təkcə düşbərə yeməyə hazırdır. Təəssüf ki, vaxtımın darlığından və düşbərənin az müddətdə hazırlana biləcək yemək olmadığından, düşbərəni tez-tez bişərə bilmirəm. Amma fürsət tapdıqca bişirməyə çalışıram.
Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Bizim ailədə düşbərənin suyu soğança-tomatla dadlandırılır. Bu, mənim ən çox bəyəndiyim variantlardandır, və bunun reseptini sizinlə burada bölüşəcəyəm.
Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki, azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçi:) Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.
4 - 6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
Xəmir Üçün:
2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su
İçi Üçün:
250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot
Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su
Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə
Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.
1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.
2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.
3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.
4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.
5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.
6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.
7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.
8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. Nuş Olsun!
11 Comments Add your own
1. tarana | May 5th, 2009 at 9:37 pm
Feride,xahish edirem,vaxtin olanda XENGELIN(yarpaq xengel) reseptin ver bize.Ellerine sagliq!
2. FƏRİDƏ | May 6th, 2009 at 11:48 am
TARANA, olacaq, hamisi olacaq bir gun:)
3. sona | Oktyabr 13th, 2009 at 10:54 pm
FERIDE sizi salamlayıram. Xahiş edirəm , ” Ağ çiçəyim ‘’salatının reçepti sizdə varsa yazardınız.ÇOX XAHİŞ edirəm, mümkündürsə .Qabaqcadan teşekkürümü bildirirəm.
4. FƏRİDƏ | Oktyabr 14th, 2009 at 1:32 pm
SONA: AG ciceyim salatini esitmemisem. Belke hansisa restoranin ozunun xususi yaratdighi salatdir? Eger oyrenseniz, mene de deyin:)
5. HƏVVA | Oktyabr 19th, 2009 at 1:18 am
MEN YEMƏK BİSİRMƏYİ O QEDER DE BACARMİRAM.AMMA SİZİN RESEPTLƏRİNİZİN KOMEYİ İLƏ İNŞALLAH OYRENEREM.ÇOX SAG OLUN RESEPTLERİNİZE GORE.
6. Anar | Oktyabr 31st, 2009 at 3:05 am
salam,Feride xanim! men hal-hazirda Bolqaristanda oxuyuram ve burdaki camaata bu sayt vasitesi ile bizim super metbeximizin yemeklerini gosterirem! Allah Size uzun omur ve can saqliqi versin! ne yaxshi ki Siz varsiz… inanirsiz,hamisi “deli” olub burda,yalvarirlar ki, komek eleyim bu reseptlerin hamisini kitab shekilinde tapim… bu mumkundu? evvelceden teshekkurler…
7. FƏRİDƏ | Noyabr 2nd, 2009 at 11:16 am
ANAR: Cox sagh olun serhinize gore. Saytimdan faydalandighiniza sevindim. Tanislariniza deyin ki “deli” olmasinlar:) Cunki hal hazirda men kitab uzerinde de isleyirem. Kitab kulinariya kitabidir.Azerbaycan yemekleri ve icinde medeniyyet tarix her sey olacaq. Kitab ingilis dilinde cap olunacaq. Hazir olub satisa buraxildighinda bu saytda xeber verecem. Helelik.
8. sevda | Dekabr 29th, 2009 at 7:10 am
feride xanim reseptlere gore size minnettaram.sizin bu aydin ve deqiq reseptlerinizle her kes mukemmel ev xanimi ola biler
9. TUNZALE93 | Yanvar 29th, 2010 at 7:10 am
Feride xanim cox sagolun resepde gore mende evde hazirladim ve cox dadli cixdi
10. sedaqet | Aprel 20th, 2010 at 3:01 am
niye gurcu xengelinin resepti yoxdu?
11. Aynar | Iyun 24th, 2010 at 2:49 am
mende bakiliyam.men bileni dusbereye yag-sogan bakililar vurmur.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed