Best in the World!
Dadlı yemək reseptləri bloqu

Körrili Balqabaq Şorbası

Roasted-Butternut-Squash-Apple-Soup_web

Amerikaya Şükran bayramı gəldi. Heç inana bilmirəm. Heç hazır da deyiləm. Təqvimin günlərinin sayını da itirmişəm. Sözün həqiqi mənasında. Amma nə yaxşı ki, gözəl səbəbə görə. Mənim yemək kitablarım Los Ancelesə gəlib çatıb və indi mən əvvəlcədən sifariş olunmuş kitabları yollamaqla məşğulam. Bu bəlkə də mənim kitab çapı macəramın ən maraqlı hissəsidir, çünki tezliklə siz mənim kitabımdakı yeməkləri bişirə biləcəksiniz (bəziləriniz artıq bişirə bilirsiniz)! Artıq o qədər müsbət rəy alımışam ki! Bu məni hədsiz dərəcədə sevindirir. Hələ də tam inana bilmirəm. Doğrudanmı mən yemək kitabı yazmışam? Bəlkə də yazmışam. Kimsə məni çimdikləsin.

Nə isə. Bağlamaların içində itib-batdığım vaxtda bir müddət bloqdan itmişdim. Və bu gün nəhayət yenidə peyda olmağa hazır olduğum vaxt yadıma düşdü ki, həmin bu dadlı körrili fırında qızardılmış balqabaq şorbasını xeyli vaxt əvvəl bişirmişəm, amma utanmazcasına reseptini sizinlə bölüşməmişəm. Çünki bu doğrudan da bölüşülməli reseptdir!

butternut-squash_web

Beləliklə bu da resept. Yoxlayın. Bu şorba həqiqətən çox dadlıdır! Sobada çəngəl batan yumşaqlığa qədər bişmiş balqabaq bu yeməyin gizli cövhəri olan alma (o da sobada bişirilir) ilə çox gözəl səsləşir. Alma şorbaya xüsusi bir çalar verir. Siz şorbanı yeyəndə hiss edirsiniz ki, ona bu çaları verən, boşqabda onu bu qədər xoş və canlı edən nəsə var, amma tapa bilmirsiniz ki, o nədir. Və bu ləzzətli şorbannın dərinliklərinə qarışdırılmış bir çimdirk körri – əla dad! Ümid edirəm siz bu şorbanı bişirəcəksiniz.

Körrili Balqabaq Şorbası

4 – 6 porsiya üçün

Ərzaqlar

1 kq balqabaq, uzununa ortadan bölünmüş, qabığı soyulmuş, tumları çıxarılmış və orta ölçüdə doğranmış
2 xörək qaşığı zeytun yağı
2 yaşıl turşməzə alma (hər biri təxminən 170 qram), ortadan uzununa yarı bölünmüş və tumları çıxarılmış
4 xörək qaşığı zeytun yağı, yaxud kərə yağı, soğanı qovurmaq üçün
1 orta boylu soğan, incə doğranmış (təxminən 1 stəkan)
4 stəkan evdə hazırlanmış toyuq bulyonu, yaxud orqanik toyuq bulyonu konservi (su ilə də əvəz etmək olar)
3/4 stəkan yağlı qaymaq
Bir çimdik muskat cevizi
Bir çimdik körri tozu (miqdarı zövqə görə seçin)
Duz
İstiot
Doğranmış göy soğan, üstünə səpmək üçün (əlinizin altında olan hər hansı başqa göyərti ilə əvəz edə bilərsiniz)

Hazırlanması

Sobanı 175ºC-yə qədər qızdırın.

Balqabağı iri bir soba listinə yerləşdirin. Üzərinə zeytun yağı çiləyib əlinizlə qarışdırın ki, balqabaq kubları yağla örtülsün. Kubları listin üzərində bir qat yayın. (Yaxud da siz balqabağı orta boylu bir cəmin içində yağlayıb listin üzərinə yerləşdirə bilərsiniz.) Almaları kəsik hissəsi aşağı olmaqla həmin listə düzün. Təqribən 30 dəqiqə, yaxud həm balqabaq, həm də almalar çəngəl rahat batan yumşaqlığa çatana qədər bişirin. Nəzərə alın ki, istəsəniz almaları sobadan bir az tez də götürə bilərsiniz, çünki alma daha tez bişir. Əgər alma tam əzilsə narahat olmayın – siz onsuz da onun mətini püre halına salacaqsınız.

Balqabaq və alma sobada bişənə qədər ayrıca orta ölçülü tavada yağı orta istilikdə qızdırın. Soğanı əlavə edib vaxtaşırı qarışdıraraq, qızılı rəng alana qədər, təqribən 10 dəqiqə bişirin. Ocaqdan götürün.

Bişmiş almaların mətini çıxarın, qabığını isə atın. Bişmiş balqabağı, alma mətini və soğanı qızardığı yağla birlikdə prosessora yerləşdirin və maşını eynicinsli narın püre alınana qədər işlədin.

Püreni orta ölçülü bir qazana tökün. Toyuq bulyonu, yağlı qaymaq, muskat cevizi və körri tozunu əlavə edin. Orta istilikdə qaynama həddinə çatdırın, sonra istiliyi azaldıb şorbanı vam ocaqda təxminən 10 dəqiqə bişirin. Zövqə görə duz və istiot vurun. Əgər şorba sizə görə çox qatıdırsa ona bir az da bulyon, yaxud su əlavə edib yenidən qaynadın. Çömçə ilə dərin boşqablara çəkib üzərinə göy soğan səpin və süfrəyə verin.

02_Roasted-Butternut-Squash-Apple-Soup_web

Bir cavab yazın

2 Şərh
  1. mmmm ela gorsenir,mutleq bisirecem

  2. Salam,gorunuwu cox xowuma geldi,caliwacam bu hefte biwirim,ama bir sualim da var-bu korri tozunu marketlerden tapa bilmesem bawqa ne ile evez etmek olar? ellerinize sagliq,helelik

Bir cavab yazın