kataloq

Şami

Şami Lənkəran mətbəxinə aid yeməkdir. Bu resepti mənə Lənkəranlı rəfiqəm Sevda verib. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə  bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda Şami-Plov adlanan plov var). Mən şamini çörəklə də çox xoşlayıram. Sizə də nuş olsun!

Şami

18-20 ədəd şami üçün

1 kg sümüksüz, yağsız qoyun əti
2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar
2 ədəd yumurta
zövqə görə duz
zövqə görə istiot
təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün

Əvvəlcə əti və bütöv soğanları  bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə  bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.

Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan  uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.

Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).

Related Posts with Thumbnails
Page 4 of 70« First...«23456»...Last »